İQTİSADİYYAT
ARDNŞ-nin geofizika və geologiya idarəsi fəaliyyətini təkmilləşdirmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geofizika və geologiya idarəsinin kompleks mühəndisi axtarış istehsalat bölümündə üç ekspedisiya-geoloji-kəşfiyyat, mühəndisi-geoloji qazma, naviqasiya və mühəndisi topogeodeziya ekspedisiyaları fəaliyyət göstərir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, bütün ekspedisiyalar müasir standartlara uyğun avadanlıqlarla aparılır ki, bu da dəniz və quruda kompleks tədqiqatların mükəmməl şəkildə həyata keçirilməsinə.
Hazırda idarə dəniz və quruda mühəndisi-geoloji tədqiqat, dənizdə fasiləsiz seysmoakustik profilləmə, hidroqrafiya, qazgeokimyəvi tədqiqatlar, dənizdibi su və süxur nümunələrinin götürülməsi işlərini yerinə yetirir. Bu tədbirlər “Ə.Əmirov”, “Z.Vəliyev” “M.Süleymanov” elmi tədqiqat gəmiləri vasitəsilə aparılır.
Ötən dövrdə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında kompleks mühəndisi axtarış istehsalat bölümünün mütəxəssisləri tərəfindən “Bulla dəniz” sahəsində iki ədəd, “Günəşli” sahəsində iki ədəd, “Ağburun” sahəsində bir ədəd və “Ümid” sahəsində bir ədəd platformanın qazma nöqtəsinə qoyulması məqsədilə mühəndisi tədqiqat işləri aparılmış və alınan məlumatlar sifarişçilərə təhvil verilmişdir.
Bundan əlavə, kompleks mühəndisi axtarış istehsalat bölümü Xəzərin Rusiya, Qazaxıstan və Türkmənistan sektorlarında da müvafiq müqavilələr çərçivəsində beynəlxalq standartların tələblərinə uyğun mühəndisi-geoloji tədqiqat işləri yerinə yetirir.