İQTİSADİYYAT
ARDNŞ VƏ BAVARİYA ŞİRKƏTLƏRİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində Almaniyanın Bavariya əyalətinin federal və Avropa işləri üzrə dövlət naziri xanım Emilia Müllerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Miller nümayəndə heyətinin tərkibi, Azərbaycana səfərlərinin məqsədi haqqında məlumat vermiş, səmimi qəbul üçün təşəkkürünü bildirmişdir.
ARDNŞ rəhbərliyinin nümayəndələri Azərbaycanın neft strategiyası, ölkənin neft-qaz sənayesi sahəsində son illər əldə olunan nailiyyətlər, həyata keçirilən regional layihələr və planlaşdırılan məsələlər haqqında qonaqlara ətraflı məlumat vermişlər. Ölkəmizdə qaz sənayesinin indiki vəziyyəti və inkişaf perspektivlərinə xüsusi maraq göstərən qonaqlar ilə Azərbaycan təbii qazının Avropaya nəql edilməsi məqsədi daşıyan müxtəlif marşrutlar üzrə nəzərdə tutulan layihələrlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək layihələrə mühüm əhəmiyyət verir, bu məsələlərə diqqətlə yanaşır.
Görüşdə, həmçinin ARDNŞ və Bavariya şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilmiş, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş fəaliyyət imkanlarının mövcudluğu diqqətə çatdırılmışdır.