Argentinada illik inflyasiya 64 faizə çatıb
Madrid, 15 iyul, AZƏRTAC
İyun ayında Argentinada inflyasiya5,3 faiz artıb. Milli Statistika İnstitutunun hesablamalarına görə, cari ilin ilk altı ayı ərzində məcmu inflyasiya artımı 36,2 faizə bərabər olub. Bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, Argentinada istehlak qiymətləri indeksinin ümumi səviyyəsini keçən il iyun ayındakı göstəricilərlə müqayisə etsək, illik hesabda inflyasiya 64 faizə bərabər olub. İyun ayında səhiyyə xidmətləri 7,4 faiz, kommunal xidmətlər 6,8 faiz, alkoqol və siqaret 6,8 faiz, qida məhsulları 4,6 faiz bahalaşıb.
Argentina neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələrin siyahısındadır. Bu il mart ayında ölkədə qiymət artımı 6,7 faizə bərabər olub. Bu, 2002-ci ilin aprelindən bəri ən yüksək göstərici idi.
Argentina hökuməti 2018-ci ildə Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı 44 milyard dolların ödənilməsi barədə təkrar maliyyələşdirmə proqramını razılaşdırıb. Bu proqram 2024-cü ildə maliyyə balansına nail olmaq, ehtiyatların toplanması və inflyasiyanın azaldılması istiqamətində ciddi siyasətə əsaslanır.
İnvestorlar yerli valyutadan yaxa qurtarmağa çalışırlar. Nəticədə yerli bazarda dollar bahalaşır, Argentina borc istiqrazları isə qiymətdən düşür. İyulun 14-də qara bazarda 1 ABŞ dollarının məzənnəsi 239 pesodan 289 pesoya qədər artıb.
Argentina Mərkəzi Bankı ABŞ dollarının rəsmi məzənnəsini 130 peso səviyyəsində müəyyən edib. Yəni, qara bazarda qiymət 100 faizdən çox artıb. Bu isə müxtəlif makroiqtisadi fırıldaqlara yol açır. Hökumət xarici valyuta axınına nəzarət məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid