ELM VƏ TƏHSİL
Arif Həşimov: AMEA-nın gələcək inkişafı ilə bağlı akademiya üzvlərinin də üzərinə böyük vəzifələr düşür
Bakı, 14 may, AZƏRTAC
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Humanitar və İctimai Elmlər bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş AMEA-nın aprelin 27-də keçirilmiş Ümumi yığıncağının davamı olaraq keçirilib.
Tədbirdə çıxış edən akademik Arif Həşimov bildirib ki, ölkəmizdə ideoloji işlərin həyata keçirilməsində, Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, arxeologiyası, mədəniyyətinə dair tədqiqatların aparılmasında Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük vəzifələr düşür. Müvafiq bölmələrin əməkdaşları ötən illərdə bunun öhdəsindən layiqincə gəliblər.
Arif Həşimov AMEA-nın gələcək inkişafı ilə bağlı akademiya üzvlərinin də üzərinə böyük vəzifələr düşdüyünü, onların, eyni zamanda, qərar qəbuledici şəxslər olduqlarını vurğulayıb. Qeyd edib ki, görüşdə səsləndiriləcək təkliflər ümumiləşdirilərək AMEA-nın Ümumi yığıncağının qərar layihəsinə salınacaq və gələcək fəaliyyət planını əks etdirəcək.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Ümumi yığıncaqdan öncə elmi müəssisələrə müraciətlər edildiyini, elmin inkişafı və gələcək fəaliyyət planı ilə bağlı kollektiv təkliflərin yığılaraq akademik-katibliyə təqdim olunduğunu diqqətə çatdırıb. Akademik həmin təkliflərin və iclasda səsləndiriləcək fikirlərin ümumilikdə AMEA-nın inkişafına kömək edəcəyini vurğulayıb.
Akademiyanın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva isə AMEA-nın cəmiyyətdə nüfuzunun artırılması ilə bağlı fərdi və kollektiv şəkildə təbliğat işlərinin gücləndirilməsinin önəmini qeyd edib. O bildirib ki, AMEA-da islahatların aparılması və təkmilləşdirmə işlərinin həyata keçirilməsi vacibdir.
Akademik Nailə Vəlixanlı isə arxeoloji tapıntıların Tarix Muzeyinə təqdim olunması, Elm Tarixi Muzeyinin yaradılması barədə təkliflərini səsləndirib.
Görüşdə akademik Teymur Kərimli humanitar sahədə tenderlərin keçirilməsi qaydasının yumşaldılması, elektron kitabxanaların təkmilləşdirilməsi ilə bağlı zəruri avadanlıqların alınması və digər təkliflərini təqdim edib.
“Elmsiz heç bir dövlət, cəmiyyət inkişaf edə bilməz. Akademiyanı necə yeniləşdirməliyik? AMEA-da yeni istiqamətlər müəyyənləşdirməli və onunla addımlamalıyıq. Çıxış yolu islahatlardadır”, - deyə AMEA-nın müxbir üzvü Musa Qasımlı bildirib. O, AMEA-da çıxan jurnalların çapı və dövriliyi məsələsində problemlər olduğunu, bu prosesin davam etməməsinin varislik ənənəsini pozacağını söyləyib.
Tədbirdə çıxış edən akademik Kamal Abdullayev AMEA-nın ilk növbədə xalqımız və cəmiyyət qarşısında öhdəliyi olduğunu bildirib. Qeyd edib ki, mövcud problemlərdən çıxış üçün akademiyanın daxili potensialı var və bunu doğru istiqamətə yönləndirmək lazımdır. Onun sözlərinə görə, bu gün ölkəmizdə qədim dillərə və mədəniyyətlərə qarşı münasibət ürəkaçan deyil, qədim latın, yunan, sanskrit və Avesta mətnlərinin dillərini bilən mütəxəssis çatışmazlığı var. O, akademiyanın öz potensialından bu sahədə istifadə edə biləcəyini söyləyib, həmçinin elmlər arasında inteqrasiya prosesinin artmasından irəli gələrək humanitar sahədə müştərək laboratoriyaların yaradılmasına ehtiyac olduğunu deyib.
AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Qorxmaz İmanov, Könül Bünyadzadə, Tehran Mustafayev elm sahələri arasında inteqrativ prosesin gücləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi, iqtisad elminə dair bölmə və yaxud sektorun yaradılması, kadr hazırlığı, müxtəlif layihələrdə alimlərin yaxından iştirakı və digər təkliflərini təqdim edib, elmi jurnalların səviyyəsinin qaldırılması və beynəlxalq indekslər alması, yalançı jurnallarda məqalə çapı ilə bağlı mübarizənin gücləndirilməsi və mobil tipli layihələrin təşkil olunmasının vacibliyini vurğulayıblar. Çıxış edənlər, həmçinin bəzi şöbələrin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb, Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən ictimai fikrin formalaşdırılmasına diqqət çəkiblər.
Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib, elmi yeniliklərin mütəmadi olaraq AMEA-nın Videosalnamə studiyasının “İnnovativ Texnologiyalar” verilişi, “Elm” qəzeti, “Elm və həyat” jurnalı və “Science.gov.az” portalı vasitəsilə ictimaiyyətə təqdim olunduğunu söyləyib. O qeyd edib ki, bu gün alimlərin həyata keçirmək istədikləri bir çox layihələrin texniki-iqtisadi əsaslandırmasına ehtiyac var və bu sahədə iqtisadçı alimlər zəruri köməkliyi göstərə bilər.