Arktikada mamontların qalıqları tapılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Novosibirsk arxipelaqının cənubunda yerləşən Lyaxov adalarında “Şimalı Oykumena” ekspedisiyasının iştirakçıları tərəfindən mamontların altı skelet qalığı və heyvanın yaxşı qalan dərisi tapılıb.
AZƏRTAC “Vokruq sveta” jurnalına istinadla xəbər verir ki, bütün tapıntılar Saxa Respublikasının (Yakutiya) paytaxtı Yakutskda laboratoriyada Rusiya və Koreya mütəxəssisləri tərəfindən diqqətlə öyrənilib. Ekspedisiyanın rəhbəri Semyon Qriqoryev bildirib ki, heyvanın dərisi “Mamontun dirçəlməsi” layihəsi üçün böyük maraq doğurur. Koreya alimlərinin fikrincə, məhz dəri “həyat qabiliyyəti olan hüceyrələri ayırma yolu ilə klonlaşdırmaq cəhdləri üçün ən yaxşı materialdır”.
Ekspedisiya zamanı həmçinin çırtdan mamontun dişi tapılıb. Əvvəllər bu cür heyvan növləri ABŞ-da Kaliforniya ştatı ərazisində və Rusiyada Vrangel adasında aşkar olunub. Paleontoloq Pavel Nikolskinin sözlərinə görə, o, bu qədər balaca mamontun dişini ilk dəfədir ki, görür. Alimlər bu heyvanın mikropopulyasiya nümayəndəsi olub-olmamasını və ya onun ölçülərinin fərdi xüsusiyyət daşıdığını müəyyən etməlidirlər.
Rusiya Coğrafiya Cəmiyyətinin qrantı əsasında təşkil edilmiş “Şimali Oykumena” ekspedisiyasında beş ölkənin mütəxəssisləri iştirak edib.
Xatırladaq ki, 2012-ci ildə Kiçik Lyaxovski adasında yerli sakinlər buzda konservlənmiş dişi mamontun cəsədini tapıblar.