DÜNYA
Arnold Şvartseneggerin doğulduğu ev muzeyə çevrilmişdir
Vyana, 8 oktyabr (AZƏRTAC). Məhşur Hollivud ulduzu, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, əslən avstriyalı olan Arnold Şvartsenegger növbəti dəfə doğma vətəninə gəlmişdir. Bu dəfəki gəlişin məqsədi aktyorun doğulduğu evdə onun ev-muzeyinin açılışında iştirak etmək olmuşdur.
Avstriyanın Qrats şəhərindən 4 kilometr cənubda yerləşən Tal qəsəbəsində yerləşən ev-muzeyin qarşısında kinoaktyorun bodibilder pozasında bürüncdən tökülmüş heykəli ucaldılmışdır. Yüzlərlə pərəstişkarın toplaşdığı tədbirdə Avstriyanın baş kansleri Verner Faymann və A.Şvartsenegger muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsmişlər.
Açılış mərasimində məşhur kinoaktyor bildirmişdir ki, bu muzeyin məqsədi seyrçilərə hər bir şəxsin öz seçdiyi sahədə ən böyük uğurlara imza atmasının mümkün olduğunu göstərməkdir.
A.Şvartseneggerin sinif yoldaşı və uşaqlıq dostu Peter Urdl 64 yaşlı “mister universum”un doğulub boya-başa çatdığı evi muzey kimi adaptasiya etmiş və kinoaktyorun keçdiyi həyat yoluna aid eksponatları buraya toplamışdır. İki il sürən adaptasiya işləri nəticəsində binanın quruluşu 1966-cı ildə A.Şvartsenegger buranı tərk edərkən olduğu görünüşə qaytarılmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana