Artan yanğın hadisələrindən maddi zərərsiz necə çıxmaq olar? - AÇIQLAMA
Bakı, 27 noyabr, AZƏRTAC
Son günlər ölkəmizin müxtəlif bölgələrində, xüsusilə paytaxt Bakıda ard-arda baş verən yanğın hadisələri bir daha sübut edir ki, hər bir əmlak sahibinin risklərə qarşı maliyyə baxımından qorunması vacibdir. Yanğın, partlayış və digər fövqəladə hallar zamanı yaranan ziyanın qısa müddətdə bərpası üçün effektiv vasitə də elə sığortadır. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası məhz bu kimi hallarda ev və ya obyekt sahiblərinə maddi təminat verir, bərpası üçün kompensasiyanın təmin edilməsinə imkan yaradır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.
O bildirib ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən Daşınmaz əmlakın icbari sığortası növü qəza vəziyyətində olan, sökülməsi haqqında qərar çıxarılan və yarımtikili əmlaklar istisna olmaqla respublika ərazisində mövcud olan bütün daşınmaz əmlaklara şamil edilir. Bu növ üzrə sığortalanmaq həm baş verən hadisələr fonunda maliyyə yükünü azaldır, həm də ailələrin və bizneslərin çətin vəziyyətdə qalmasının qarşısını alır.
“Xüsusilə vurğulayırıq ki, Daşınmaz əmlakın icbari sığortası növü üzrə yaşayış əmlaklarına şamil olunan sığorta haqqı Bakı şəhəri üzrə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 40 manat, respublikamızın digər regionları üzrə isə 30 manat təşkil edir. Baş vermiş hadisələrə görə sığortalanmış yaşayış əmlaklarının sahiblərinə nəzərdə tutulan sığorta ödənişləri isə Bakı şəhəri üzrə 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 20 min manata qədər, respublikamızın digər regionları üzrə isə 15 min manata qədər nəzərdə tutulub. Təminat məbləğini artırmaq üçün yaşayış əmlaklarının sahiblərinin könüllü əmlak sığortası növlərindən istifadə hüququ da mövcuddur. Belə ki, bu halda yanğınla yanaşı subasma, təbii fəlakətlər, oğurluq və digər riskləri də təminat altına almaq mümkündür”, - deyə E.Mirsalayev qeyd edib.