DÜNYA
Artıq Ermənistanda əhalinin vəziyyətinin dözülməzdir
Bakı, 21 avqust (AZƏRTAC). Avqustda Ermənistanda çörəyin qiyməti 10 faiz bahalaşmışdır.
Redaksiyası Parisdə yerləşən “Nouvelles d`Arménie” saytının məlumatına görə, aztəminatlı ailələr bahalığı daha çox hiss edirlər. Bu kateqoriyadan olan insanların əsas qidasını çörək təşkil edir. Hazırda mağazalarda çörəyin qiyməti növündən asılı olaraq 25-45 sent arası dəyişir. Bahalaşmaya əsas səbəb kimi dünya bazarında dənli bitkilərin qiymətinin artması göstərilir. İllik taxıl ehtiyacı 650 min ton olan Ermənistan bu tələbatın 60 faizdən çoxunu idxal hesabına ödəyir.
Sayta müsahibə verən alıcılar çörəyin qiymətinin artması ilə yanaşı, çəkisinin də azaldığını bildirmişlər. Bir alıcı isə artıq Ermənistanda əhalinin vəziyyətinin dözülməz olduğunu vurğulamışdır. İstehlakçılar Birliyinin rəhbəri Armen Poqosyan isə artımı əsasən daxili faktorlarla əlaqələndirmişdir. Onun fikrincə, hökumət qiymət artımının qarşısını almaq üçün tədbir görməlidir. Əks halda kasıb təbəqənin vəziyyəti daha dözülməz olacaqdır.
Ekspertlər hesab edirlər ki, çörəyin bahalaşması inflyasiyanı da sürətləndirəcəkdir.