ELM VƏ TƏHSİL
Arxeoloq alimlər 31 Mart soyqırımı qurbanlarının xatirəsini anıblar
Bakı, 30 mart, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun baş direktoru professor Abbas Seyidov tədbiri giriş sözü ilə açdıqdan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Anım tədbirində institutun əməkdaşları - professorlar Hidayət Cəfərov və Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və Qəhrəman Ağayev bu qanlı tarix haqqında öz fikir və mülahizələrini bölüşüblər.