CƏMİYYƏT
“ASAN məktub”la arzular reallaşdı
Bakı, 30 noyabr, AZƏRTAC
“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, layihə çərçivəsində www.asanmektub.az saytında yerləşdirilən və sosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, layihədə “ASAN Qasid” kimi çıxış edən “ASAN Könüllüləri”nin köməyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə artıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb. Hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə öhdəçi vətəndaşlara göndərilib.
Öhdəçiliyə alınan 45 məktubun hədiyyələrinin isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır.
“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.