“ASAN Viza” - 10 il
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də “ASAN Viza” sisteminin yaradılmasının 10 illiyidir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, “ASAN Viza” sistemi Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli müvafiq Fərmanına əsasən yaradılıb. Sistemin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Ötən 10 il ərzində “ASAN Viza” Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.
“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycanda yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.
Sistemin yaradılmasının 10 illiyi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda reallaşan xüsusi təşəbbüs çərçivəsində “ASAN Viza” 10 illik fəaliyyətin sevincini xarici qonaqlarla bölüşüb.
Ölkəmizə gələn xarici vətəndaşlar da öz növbəsində əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, xidmətin fəaliyyətini yüksək qiymətləndiriblər.