CƏMİYYƏT
“ASAN xidmət”ə 33 milyonuncu müraciət qeydə alınıb
Bakı, 4 oktyabr, AZƏRTAC
“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu müraciət 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Sona Tağıyeva bildirib ki, ümumilikdə, gün ərzində “ASAN xidmət” mərkəzlərinə 25 mindən çox müraciət daxil olur. Bu, vətəndaşlarımızın “ASAN xidmət” mərkəzlərinə olan etimadının göstəricisidir.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.