İQTİSADİYYAT
Asiya İnfrastruktur İnkişaf Bankı təsisçilərinin 4-cü iclası keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 27-28-də Çin Xalq Respublikasının paytaxtı Pekində Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) təsisçilərinin 4-cü iclası keçirilib.
Müzakirələrdə bankın 57 təsisçi üzvü olan ölkələrdən 55-i, o cümlədən Azərbaycan Respublikasından Maliyyə Nazirliyinin nümayəndələri iştirak edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsisçi ölkələrin 4-cü iclasında AİİB-nin nizamnamə layihəsi üzrə aparılan danışıqlarda geniş konsesus əldə olunub. Müzakirələr zamanı bankın nizamnamə layihəsi üzərində işlərin 2015-ci il iyun ayı ərzində tamamlanaraq təsisçi ölkələr tərəfindən imzalanması və cari ilin sonunadək Asiya İnfrastruktur İnkişaf Bankının fəaliyyətinin təmin olunması qərara alınıb.