İQTİSADİYYAT
ASK rəhbərliyi Türkiyədə keçirilən dünya sahibkarlıq sammitində iştirak etmişdir
Bakı, 7 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın (ASK) prezidenti Məmməd Musayev İstanbulda keçirilən “Sahibkarlıq, dəyərlər və inkişaf: Gündəlikdə duran qlobal məsələlər” mövzusunda sahibkarlıq üzrə ikinci dünya sammitində iştirak etmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, sammitin məqsədi sahibkarlıq mədəniyyətinin inkişafı, beynəlxalq əməkdaşlığın sahibkarlar tərəfindən dəstəklənməsi, yeni texnologiya imkanlarının iqtisadiyyata inteqrasiyası və s. barədə müzakirələrin keçirilməsi, fikir mübadiləsinin aparılmasıdır.
Sammit çərçivəsində ASK-nın prezidenti M. Musayev Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TOBB) prezidenti Rifat Hisarçıoğlu ilə görüş keçirmişdir.
Görüşdə qurumlar arasında əlaqələrin daha da genişlənməsi, Asiya və İslam ölkələrinin ticarət və sənaye palataları təşkilatlarına üzv olma və s. məsələlər barədə müzakirələr aparılmışdır.
M. Musayev Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış investisiya mühiti, sahibkarlığın inkişafına zəmin yaradan beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığı barədə ətraflı məlumat vermişdir. TOBB-u Azərbaycanda qarşılıqlı faydalı iş qurmağa, birgə fəaliyyət göstərməyə dəvət edən ASK-nın prezidenti belə görüşlərin müntəzəm xarakter daşımasının hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.