SİYASƏT
AŞPA-DA ERMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİNİN SƏLAHİYYƏTLƏRİ DONDURULMUŞDUR
Strasburq, 25 yanvar (AZƏRTAC). Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası adəti üzrə büro, qrup və komitələrdə yığıncaqlarla başlamışdır. Toplantılarda qış sessiyasının gündəliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi deputat qrupu yığıncaqlarda müzakirə olunmuş məsələlərə ölkəmizin mövqeyini bildirmişlər.
Sessiyanın birinci iş gününün səhər iclasında yanvarın 12-də Haitidə baş vermiş zəlzələdən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra AŞPA-nın sədr və onun müavinlərinin seçkisi keçirilmişdir. Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu AŞPA-nın sədri seçilmişdir. Keçmiş sədr müavinlərinin yenidən öz vəzifələrini aparmaları qərara alınmışdır. Onların arasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov da vardır.
Sessiyada nümayəndə heyətinin tərkibinin formalaşmasında yol verdikləri saxtakarlığa görə Ermənistan nümayəndə heyətinin səlahiyyələri dondurulmuşdur. AŞPA bürosu məsələni araşdırdıqdan sonra Ermənistan nümayəndə heyətinin gələcək taleyi haqqında yekun qərar qəbul olunacaqdır.
Səlahiyyət müddəti artıq başa çatmış AŞPA-nın keçmiş sədri Luis Mariya de Puç payız sessiyasından sonrakı dövrdə qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Sessiyada Avropa Şurasının müşahidə missiyasının Ukraynada prezident seçkiləri barədə məruzəsi dinlənilmişdir.
Sonda deputatlar qış sessiyasının gedişi zamanı pandemiya, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə İtaliyadan hakimin seçilməsi, Yaxın Şərqdə vəziyyət, Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti, məhkəmə korrupsiyası, mətbuat azadlığı, seçki sistemində qadınların iştirakının artırılması, qaçqın probleminin həlli, iqlim dəyişikliyi və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Sessiya çərçivəsində Avropa Şurasının Nazirlər Komitəsinin fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, Yunanstanın baş naziri, İtaliyanın xarici işlər naziri, Birləşmiş Millətlər Təşkilatının qadın və uşaq məsələri üzrə xüsusi nümayəndəsi deputatlar qarşısında çıxış edəcəklər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq