AŞPA-NIN NÜMAYƏNDƏ HEYƏTİ MOSKVADA SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının xüsusi missiyası Cənubi Osetiya münaqişəsindən sonra Rusiya-Gürcüstan münasibətləri haqqında məruzə hazırlamaq üçün Moskvaya ikigünlük səfərə gəlmişdir. 9 deputatdan ibarət nümayəndə heyətinə Rusiyanın Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi üzrə məruzəçi Lyuk van den Brande başçılıq edir. AŞPA nümayəndə heyəti Moskvada bir sıra görüşlər keçirdikdən sonra Cənubi Osetiyaya yola düşəcək, bundan sonra AŞPA-nın gələn həftə keçiriləcək payız sessiyası çərçivəsində regiona səfər haqqında hesabat təqdim edəcəkdir.
Lyuk van den Brande Rusiya Federal Məclisi Aşağı Palatasının sədri Boris Qrızlovla görüşündə bildirmişdir ki, AŞPA və Rusiya arasında “qarşılıqlı etimad”ın və dialoqun saxlanılmasını öz başlıca məqsədi sayır. Onun sözlərinə görə, AŞPA-nın xüsusi missiyası Rusiyaya förmalaşmış mənfi fikirlə yox, hər iki tərəfin mövqeyini dinləmək istəyi ilə gəlmişdir. Həm Rusiya, həm də Gürcüstan Avropa Şurasının dəyərlərinə hörmətlə yanaşır, ona görə də “aramızda qarşılıqlı etimadın olması çox vacibdir”.
B.Qrızlov öz növbəsində Cənubi Osetiyadakı vəziyyətin AŞPA-nın payız sessiyasında müzakirə edilməsinin vacibliyini vurğulayaraq, AŞPA-dakı həmkarlarına regiondakı vəziyyət haqqında ətraflı məlumat vermiş, diqqəti münaqişəyə münasibətin və onun qiymətləndirilməsinin bir qədər qərəzli olduğuna cəlb etmişdir. Həmin hadisələri qərəzli işıqlandıran Qərb KİV-lərini tənqid edən B.Qrızlovun sözlərinə görə, bu, Rusiya cəmiyyətini hiddətləndirmişdir.