SİYASƏT
AŞPA sədri azərbaycanlı deputatın təklifini dəstəkləmişdir
Strasburq, 23 yanvar (AZƏRTAC). Yanvarın 23-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında gündəliyə uyğun olaraq sərbəst dinləmələr keçirilmişdir Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun başlanması ilə bağlı müraciətinə ciddi münasibət bəsləməsini AŞPA sədrindən xahiş etmişdir.
Milli Məclisin deputatı, eyni zamanda, sədrin rəhbərlik etdiyi qurumun bir illik fəaliyyətindən danışarkən dondurulmuş münaqişələrin mütləq danışıqlar və dialoq yolu ilə həllinə dair səsləndirdiyi fikirləri xatırlatmış, hər iki icma arasında dialoqun başlaması ümumi böyük sülh sazişinə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatında öz müsbət töhfəsini verəcəyini bildirmişdir.
Jan-Klod Minyon azərbaycanlı deputatın təklifini dəstəkləmiş və bildirmişdir ki, məsələyə belə yanaşma düzgün mövqedir. Hər iki icma arasında dialoq başlamalıdır. Sədr bu istiqamətdə səylərini daha da gücləndirəcəyini diqqətə çatdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq