MƏDƏNİYYƏT
Aşqabadda “Bahəddin Nəqşibəndi və sufi ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir
Aşqabad, 4 dekabr (AZƏRTAC). Aşqabadda Orta Asiyanın tanınmış filosofu və alimi XIV əsrdə yazıb yaratmış Bahəddin Nəqşibəndinin həyat və yaradıcılığı ilə əlaqədar “Bahəddin Nəqşibəndi və sufi ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda Azərbaycan, ABŞ, Qazaxıstan, Böyük Britaniya, Hindistan, İran, Hollandiya, Yunanıstan, İspaniya, Ukrayna, Türkmənistan və digər ölkələrin tarixçi, şərqşünas, linqvist, teoloq, kulturoloq və ədəbiyyatçı alimləri iştirak etmişlər.
Məruzəçilər qeyd etmişlər ki, sufizmin Xoca Əhməd Yasəvi və Abdülxaliq əl-Qijduvani məktəblərinin ideyalarını özündə birləşdirən Nəqşibəndi nəzəriyyəsi o dövrdə digər sufi cəmiyyətləri arasında aparıcı yer tutur və öz təsirini bütün müsəlman dünyasına yayırdı.
Konfransda 100-dən artıq məruzə dinlənilmiş, Nəqşibəndinin mənəvi irsi və müsəlman dünyasında geniş yayılmış sufi təriqəti məktəblərinin öyrənilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Konfransda “Nəqşibəndiyyə” nəzəriyyəsinin tarixi, ilk sufilərin mistik fikirlərindən şərq fəlsəfəsində rasionalizmə gedən yol, Nəqşibəndi ideyalarının Şərq və Avropa ədəbiyyatına təsiri məsələləri ətrafında geniş müzakirələr olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad