MƏDƏNİYYƏT
Aşqabadda “Canlı əfsanə” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı olub
Aşqabad, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Xalça Muzeyinin və Türkmənistanın Azərbaycandakı səfirliyinin, habelə Azərbaycanının Türkmənistandakı səfirliyinin birgə təşkilatçılığı ilə Aşqabadda müəllifi Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun olduğu “Canlı əfsanə” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib.
“Canlı əfsanə” kitabı Türkmənistanın milli sərvəti sayılan xalça sənətinin tarixi, bu günü, xalçaçılıq sənətinin ənənələrinin qorunub saxlanılması və s. məsələlərdən bəhs edir.
Qeyd olunan tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Xalça Muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbirin iştirakçıları arasında, həmçinin Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə, ölkə ictimaiyyətinin, yerli və xarici KİV nümayəndələri, Türkmənistanda akkreditə olunmuş digər diplomatik missiyaların təmsilçiləri olublar.
Mərasimdə çıxış edən səfir Vəhdət Sultanzadə ilk növbədə tədbiri Azərbaycan və Türkmənistan arasındakı mədəni əlaqələrin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirib. O, eyni zamanda, kitabın Azərbaycan dilində nəşrinin Türkmənistanda olduğu kimi, ölkəmizdə də bu sənətə böyük marağın olduğunu sübut etdiyini bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad