ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda alimlərin beynəlxalq elmi göstəricilərinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir
Bakı, 6 iyul, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutunda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə elan olunan “Yol xəritəsi”ndə nəzərdə tutulan vəzifələrin müzakirəsinə həsr olunan maarifləndirmə seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun icraçı direktoru dosent Əfsun Sucayev “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, elmi müəssisə əməkdaşlarının daha öncə çap edilib, lakin internetdə olmayan məqalələrinin açıq akademik sistemlərdə (“ResearchGate”, “Academia”, “SSRN” və s.) yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Həm elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması, həm də dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsini təşviq etmək üçün Aşqarlar Kimyası İnstitutunun Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası nəzdində məsləhət mərkəzi yaradılıb. Hər bir laboratoriyalarda bu işləri həyata keçirən məsul şəxslər təyin edilib, onlarla Məsləhət Mərkəzində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
Əfsun Sucayev bildirib ki, dünyanın nüfuzlu alimləri, həmçinin ayrı-ayrı təhsil müəssisələrində çalışan həmyerlilərimizlə alimlərimiz arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi istiqamətində müvafiq işlər görülüb. Aşqarlar Kimyası İnstitutu alimlərinin elmi əsərlərinin yüksək indeksə malik jurnallarda çap edilməsi üçün bir sıra dəstək tədbirləri həyata keçirilir. Belə ki, dünyada hər bir alimin elmi fəaliyyətinin məhz elmmetrik meyarlar əsasında qiymətləndirilməsini əsas götürərək, institutun elmi işçilərinin elmi-tədqiqat aparmağa həvəsləndirilməsi və onlar arasında sağlam rəqabətin təşviqi üçün “Google Scholar”, “ResearchGate”, “Mendeley.com”, “Academia.edu” və digər akademik şəbəkələrdə profil səhifələri yaradılıb. Bu akademik şəbəkələrdən götürülmüş məlumatlar əsasında, “Web of Science”, “Scopus” və RSCI elmi bazalarına daxil olan jurnallarda çap etdirdikləri məqalələrin sayına, onlara olan istinadlara, H-indeks və digər elmmetrik meyarlar əsasında yarımillik və illik qiymətləndirilmə aparılır, alimlərin reytinq siyahısı tərtib edilir və mükafatlandırılır.
Təqdimat ətrafında suallar cavablandırılıb və müzakirə aparılıb.