ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda mühüm elmi nəticələr əldə olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2019-cu ildə aparılan elmi tədqiqatlar zamanı bir sıra mühüm fundamental nəzəri və praktik nəticələr əldə olunub.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, elmi nəticələr zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi sahəsində qazanılıb.
“Bu mühüm nəticələrdən ikisi elmi-fundamental xarakter daşıyır. İnstitut əməkdaşlarının yeni üsulla sintez etdikləri fizioloji fəal maddələrin Türkiyənin Bartın Universitetinin alimləri ilə birgə ilk dəfə “molekulyar dokinq” hesablamaları ilə araşdırılıb və müəyyən edilib ki, bu maddələrin ayrı-ayrı nümayəndələrinin molekulunda bir neçə funksional qrupun olması onların yüksək antikanser, antihipertonik və antidiabet fəallıq göstərməsinə səbəb olur. İkinci mühüm nəticəmiz isə Bakı Dövlət Universitetinin əməkdaşları ilə olan müştərək işdir. Rentgen-struktur analiz metodu ilə təsdiq edilən optiki fəal birləşmələrin müxtəlif fermentlər, həmçinin karbon anhidraz I, II izoenzimlərin inhibitoru kimi xassələri öyrənilib və müəyyən edilib ki, onların ayrı-ayrı nümayəndələri antiepileptik, antidiabetik və antixolinergik potensiala malikdir və standart dərman maddələri ilə müqayisədə 2-3 dəfə yüksək təsirlidir. Hər iki elmi nəticə impakt faktoru yüksək olan “Web of Science” beynəlxalq elmi bazaya daxil olan nüfuzlu xarici jurnallarda dərc olunub”, - deyə akademik Vaqif Fərzəliyev qeyd edib.