İQTİSADİYYAT
Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının birinci görüşü keçirilmişdir
Astana, 15 oktyabr (AZƏRTAC). Qazaxıstanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) birinci görüşü keçirilmişdir.
Tədbirdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qazaxıstan, Türkiyə və Qırğızıstanın iqtisadi inkişaf nazirləri, TÖƏŞ-in baş katibi Xəlil Akınçı iştirak etmişlər.
Görüşdə türkdilli ölkələr arasında investisiya şəraitinin yaxşılaşdırılması, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi, sahibkarlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur. Deyilmişdir ki, bu ölkələr arasında əlaqələr dinamik inkişaf edir, əməkdaşlıq strateji tərəfdaşlıq münasibətlərinə, tarixi və mədəni köklərimizə əsaslanır.
Xəlil Akınçı bildirmişdir ki, bu görüş imkan yaratmışdır ki, türkdilli ölkələr arasında iqtisadi əlaqələrin perspektivləri haqqında fikir mübadiləsi aparaq və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ümumi mövqelərimizi ortaya qoyaq.
Şahin Mustafayev Azərbaycanın iqtisadi inkişafı, ölkəmiz ilə Qazaxıstan, o cümlədən digər türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi haqqında danışmışdır.
Deyilmişdir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Qazaxıstan arasında ticarət mübadiləsi 148,5 milyon dollar olmuşdur və bu rəqəmin gələcəkdə dəfələrlə artırılacağı nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana