REGİONLAR
Astara gömrük postunun əməkdaşları üçün təlim təşkil edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları üçün təşkil edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, məqsəd gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində gömrükçülərə zəruri biliklərin verilməsidir.
Astara gömrük postunda keçirilən təlim bir həftə davam edəcək. Bundan əvvəlki təlim Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun əməkdaşları üçün keçirilib.
Qeyd edək ki, peşəkar psixoloq və mütəxəssislər tərəfindən keçirilən təlimlərə avqustun 19-dan start verilib. Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.