İQTİSADİYYAT
Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu vasitəsi ilə 120 min 68 ton yük ixrac edilib
Tehran, 30 mart AZƏRTAC.
Ötən il Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsi ilə İran 120 min 68 ton yük ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümidi verib. O bildirib ki, yüklər Azərbaycan Respublikası üzərindən Rusiyaya və digər dövlətlərə göndərilib. İran Astarasından Azərbaycana və Azərbaycan üzərindən digər ölkələrə 2 min 158 vaqon yük ixrac, 3632 vaqon yük isə idxal edilib.
R.Ümidi söyləyib ki, 2018-ci ildə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu istifadəyə verildikdən sonra İranın bu istiqamətdə apardığı idxal-ixrac əməliyyatlarının həcmi də artıb. Onun sözlərinə görə, İran bu yolla kənd təsərrüfatı məhsulları və tikinti materialları ixrac edir.
Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu iki ölkənin dəmir yolları sistemini birləşdirib ki, bu da Azərbaycanın tranzit imkanlarını artırıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrini Fars körfəzi ilə nəqliyyat baxımından birləşdirir. Cənub Şərqi Asiya və Körfəz ölkələrindən Avropaya daşınan yüklər İranın Çabahar və Bəndər Abbas limanlarına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran