REGİONLAR
Astarada 2-ci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası açılıb
Astara, 31 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Astarada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBKSA) və “Maricel Astara Resort”un birgə təşkilatçılığı ilə 2-ci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Dənizkənarı Park-Bulvar Kompleksində təşkil olunan yarmarkada əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Sərgi yarmarkada tekstil, aksesuar, kosmetika, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunub. Bundan başqa, yarmarkada gün boyu Lənkəran Regional Mədəniyyət İdarəsi, Astara rayon Mədəniyyət Mərkəzi tərəfindən əyləncəli konsert proqramı təşkil edilib.
“Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının yüksək səviyyədə keçirilməsində göstərdikləri dəstəyə görə Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası tərəfindən Lənkəran Regional Mədəniyyət İdarəsi və Astara rayon Mədəniyyət Mərkəzi təşəkkürnamə ilə təltif olunub.