REGİONLAR
Astarada budo döyüş növü üzrə klublararası açıq turnirdə 123 idmançı fəxri yerlər uğrunda mübarizə aparıb
Astara, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki “Zirvə” Beynəlxalq İdman Klubunun multifunksional və universal basketbol arenasında Azərbaycan Budo Döyüş Federasiyasının, Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş budo döyüş növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən klublararası açıq turnir başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən turnirdə Astara, Horadiz, Füzuli, Lənkəran rayonlarının və Bakı şəhərinin idman klublarını, ümumilikdə 8 klubu təmsil edən 123 idmançı fəxri yerlər uğrunda mübarizə aparıb.
İdmançılar beynəlxalq budo döyüş qaydalarına uyğun olaraq Semi kontakt, Full kontakt, Free kontakt, Submisson döyüş sistemlərində müxtəlif yaş və çəki dərəcələrində qüvvə və bacarıqlarını sınayıblar.
Qaliblərə Azərbaycan Budo Döyüş Federasiyasının, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Rayon Polis Şöbəsinin təsis etdiyi diplomlar və medallar təqdim olunub.