İDMAN
Astarada “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona birinciliyi keçirilmişdir
Astara, 6 mart (AZƏRTAC). Astara şəhərindəki 4 nömrəli tam orta məktəbin idman meydançasında “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə, ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyunlarının əsas məqsədi yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək, onları ordu sıralarına xidmətə hazırlamaq və turizm hərəkatının inkişaf etdirməkdir.
Zona birinciliyində Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon komandalarını təmsil edən 56 nəfər şagird “Sıra hazırlığı” və “Estafet” yarışlarında qələbə uğrunda mübarizə aparmışdır.
Yarışlarda cəlilabadlı məktəblilər birinci, neftçalalılar ikinci və Lerik rayonunun komandası üçüncü yerləri tutmuşlar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları, kubok və medallar təqdim edilmişdir.
Zona birinciliyində birinci və ikinci yerlərə layiq görülən komandalar bu ilin aprel ayında Bakı şəhərində, C.Naxçıvanski adına hərbi liseydə keçiriləcək yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.