CƏMİYYƏT
Astarada “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” mövzusunda seminar-treninq keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 8-9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astarada “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” mövzusunda seminar-treninq keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, din xadimləri, dini icma üzvləri və rayon ziyalılarının iştirak etdiyi tədbirdə dövlətin dini sahəyə göstərdiyi qayğıdan, eyni zamanda, rayondakı mövcud dini durum və maarifləndirmə sahəsində görülən işlərdən danışılıb.
DQDİK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov isə bölgədəki tolerant və multikultural mühitdən danışıb. O qeyd edib ki, Astara rayonunda İslamın hər iki məzhəbinin nümayəndələri əsrlərdir birgə yaşayıb və bu həmrəylik uğurla davam edir.
Sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dövlətin dinə qayğısı və maarifləndirmə işinin düzgün təşkili barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin unitar, hüquqi, dünyəvi və demokratik dövlət olduğu Konstitusiyamızda öz əksini tapıb. Dünyəvi dövlətdə əqidəsindən asılı olmayaraq, dövlət hər bir fərdin dini seçim azadlığını tanıyır, hər kəs qanun qarşısında bərabərdir.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir. Erməni qəsbkarları tərəfindən dağıdılmış ibadət ocaqları yenidən bərpa olunub. Bütün bunlar demokratik dəyərlərin, tolerantlıq prinsiplərinin təcəssümü, o cümlədən Azərbaycanın davamlı inkişafının və daxili sabitliyin qarantıdır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.