SİYASƏT
ASTARADA “MÜASİR AZƏRBAYCANIN İNKİŞAF TƏMƏLİNİ QOYAN ŞƏXSİYYƏT” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Astara, 12 dekabr (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevi anma gününə həsr olunmuş “Müasir Azərbaycanın inkişaf təməlini qoyan şəxsiyyət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları şəhərin Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Astara rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev məruzə etmişdir. Bildirmişdir ki, dünya şöhrətli siyasətçi, istedadlı və bacarıqlı dövlət xadimi, müasir Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etmiş, onun rəğbətini qazanmış, qəlbinə, şüuruna, təfəkkürünə hakim kəsilərək sevimli rəhbərə - ümummilli liderə çevrilmiş, milyonların qəlbində əbədi olaraq öz abidəsini ucaltmışdır. Heydər Əliyev irsi elə böyük xəzinədir ki, onun ən layiqli qiymətini zaman özü vermişdir. Bu irsi öyrənmək təkcə bu gün üçün deyil, gələcək üçün də lazımdır. Müasir Azərbaycan dövlətinin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış dahi şəxsiyyətin nurlu ideyaları mayak kimi onun davamçılarının yoluna həmişə işıq salacaqdır.
Toplantıda çıxış edənlər ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını, böyük öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, müdrik rəhbərimizin Astara rayonuna səfərləri ilə bağlı xatirələri yada salmış, Heydər Əliyev siyasi məktəbinin bütün nəsillərə örnək olduğunu diqqətə çatdırmışlar.