SİYASƏT
ASTARADA RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
Astara, 29 may (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində Respublika gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderin abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 91-ci ildönümü ilə əlaqədar məruzə ilə çıxış etmişdir.1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasını ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələ kimi qiymətləndirən məruzəçi, fəaliyyət göstərdiyi 23 ay ərzində AXC-nin dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışmış, onun süqutundan sonra xalqımızın azadlıq uğrunda mübarizəsinin davam etdiyini, 70 ildən sonra ölkəmizin öz dövlət müstəqilliyinə yenidən qovuşduğunu vurğulamış, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz xarakter aldığını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, AXC-nin fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən danışmış, ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmasını ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirmişlər.