REGİONLAR
Astarada sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Astara, 21 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında açıq rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, sərbəst güləş üzrə yeniyetmələr üzrə Azərbaycan yığma komandasının məşqçisi Namiq Quliyev, Vətən müharibəsi qazisi Rüfət Əsədullayev 44 günlük müharibədə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
İki gün davam edən turnirdə ölkəmizin şəhər və rayonlarını təmsil edən 23 komandanın 149 yeniyetmə idmançısı müxtəlif çəki dərəcələrində fəxri yerlər uğrunda mübarizə aparıb.
Qaliblərə diplomlar və medallar təqdim olunub.