REGİONLAR
Astarada tərəvəzçiliyin inkişafı ilə bağlı real imkanlar var
Astara, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun iqtisadiyyatında tərəvəzçilik aparıcı sahələrdən birini təşkil edir. Ötən əsrin 70-80-cı illərində rayonda 100 min tondan çox tərəvəz məhsulları istehsal olunurdu.
Azərbaycanda torpaq islahatı keçirildikdən sonra bütün əkin sahələri pay şəklində məhsul istehsalçılarına paylanıb. Astarada da 17 min 652 ailəni əhatə edən 71 min 529 nəfərin xüsusi mülkiyyətinə 80 min 86 hektar əkinəyararlı torpaq sahəsi verilib.
Torpaq islahatından sonra rayonda uzun müddət tənəzzül keçirən tərəvəzçilik hazırda özünün yeni dirçəliş dövrünü yaşayır.
Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Astarada da aqrar sektorun digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında tərəvəzçiliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla icra edilir.
Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirilib ki, 2005-ci ildə rayonda 43 min 241 min ton tərəvəz məhsulları istehsal edilmişdisə, 2014-cü ildə bu göstərici 44 min 877 tona çatıb. Bu il isə 2 min 727 hektar sahədə tərəvəz yetişdirilib və indiyədək 30 min tona yaxın məhsul yığılıb. Bunun 2 min 720 tonunu kələm, 6 min 885 tonunu xiyar, 10 min tonunu pomidor, 1393 tonunu sarımsaq, 5 min 100 tonunu soğan, 4 min 029 tonunu digər tərəvəz məhsulları təşkil edir. Əkin sahələrindən, həmçinin 7 min 403 ton kartof və 4 min 506 ton bostan məhsulları yığılıb.
Tərəvəzçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları ötən əsrin 70-80-cı illərində tərəvəzçilikdə qazanılmış şöhrəti qaytarmaq üçün real imkanların olduğunu bildirir və qeyd edirlər ki, bunun üçün mövcud problemlər aradan qaldırılmalıdır.
İlk növbədə iri fermer təsərrüfatların yaradılmasının vacibliyini vurğulayan məhsul istehsalçıları tərəvəzin satışı ilə bağlı tədarük məntəqələrinin yaradılmasını, yerlərdə emal müəssisəsinin açılmasını və məhsulun xarici bazarlara çıxarılması üçün lazımı şərait yaradılmasını vacib hesab edirlər.
Hazırda tərəvəz sahələrində məhsul yığımı davam edir. Bu il rayonda 50 min tonadək tərəvəz istehsal olunacağı gözlənilir.