REGİONLAR
Astarada tərəvəzçiliyin inkişafına diqqət artırılmışdır
Astara, 20 avqust (AZƏRTAC). Astara rayonunda yetişdirilən tərəvəz məhsulları ekoloji təmizliyi ilə seçilir. Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi rayonda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar açmışdır. Fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları yerli bazarlarda və Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsulları yarmarkalarında satırlar.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu il Astarada 2771 hektar sahədə tərəvəz məhsulları yetişdirilmiş, hər hektarın məhsuldarlığı 135 sentnerə çatdırılmışdır.
İndiyədək sahələrdən 29979 ton tərəvəz məhsulları yığılmışdır. Bu məhsullar arasında kələm 3126, xiyar 6463, pomidor 9491, sarımsaq 1337, soğan 5327 ton təşkil etmişdir. Sahələrdən, həmçinin 8265 ton kartof və 4117 ton bostan məhsulları yığılmışdır.
Məhsul istehsalçıları ötən əsrin 70-80-cı illərində rayonda tərəvəzçilik sahəsində qazanılmış uğurların təkrarlanması üçün real imkanların olduğunu bildirirlər.
Ümumiyyətlə, bu il rayonda 45 mindən çox tərəvəz məhsullarının istehsalı nəzərdə tutulmuşdur.