REGİONLAR
Astarada yaşıl çay yarpağı yığımının üçüncü mərhələsi davam edir
Astara, 10 oktyabr (AZƏRTAC). Astara rayonunun çay plantasiyalarında noyabr ayının sonunadək davam edəcək yaşıl çay yarpağı yığımının üçüncü-sonuncu mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, rayonda mövcud olan 278 hektar çay plantasiyasından 166 hektarı məhsuldardır.
Ötən il çayçılıqla məşğul olan məhsul istehsalçıları tərəfindən plantasiyalardan 363,2 ton yaşıl çay yarpağı yığılaraq müvafiq fabriklərə təhvil verilmişdir. Bu dövrdə çayçılıq sahəsində hər hektardan götürülən məhsuldarlıq 21,9 sentner olmuşdur.
Bu il oktyabr ayının 1-nə olan məlumata görə, rayonda 381 ton yaşıl çay yarpağı yığılmış, hər hektardan götürülən məhsuldarlıq 23 sentnerə çatdırılmışdır.
Son illər rayonun Kijabə, Şüvü və Ojakəran bələdiyyələrinin ərazilərində 115 hektar yeni çay sahələri salınmışdır.
Rayonda 9 kənd təsərrüfatı müəssisəsi çayçılıqla məşğul olur.
Kijabə qəsəbəsində fəaliyyət göstərən “Emin” fermer təsərrüfatının çaybecərənləri 34 hektar sahədən 100 ton yaşıl çay yarpağı yığmışlar.
Kijabə qəsəbəsində Novruzəli Əhmədovun, Rüdəkənar kəndində Sadıq Əzimovun, Şahağacı kəndində Taryel Əsgərovun başçılıq etdikləri fermer təsərrüfatları da yığımda fəallıq göstərirlər.
Rayonda bu il 400 ton çay istehsalı nəzərdə tutulmuşdur.