REGİONLAR
Astaralı jurnalistlər ölkəmizdə mətbuata göstərilən qayğıdan minnətdarlıqla söhbət açıblar
Astara, 21 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 21-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Milli mətbuatımızın yaranmasının142-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə, “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı filmə baxıblar.
Rayonda fəaliyyət göstərən KİV-lərin nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edən Mərkəzin direktoru Kübra Səmədova Azərbaycan milli mətbuatın formalaşmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışıb.
Sonra “Astara” qəzetinin baş redaktoru Fəridə Zöhrab qızının Milli mətbuatımızın yaranmasının142-ci ildönümü ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, 142 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş “Əkinçi” qəzeti xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsi kimi mədəni tariximizdə silinməz izlər qoyub. Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir, özünün yüksəliş mərhələsini yaşayır.
Ulu Öndər Heydər Əliyev mətbuat və söz azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu barədə danışan baş redaktor diqqətə çatdırıb ki, hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. KİV-lərin fəaliyyətini stimullaşdırmaq məqsədilə atılan addımlar, həmçinin jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq mətbuat işçilərinin təltif edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu qəbildəndir.
Tədbirdə çıxış edən “Astara” qəzetinin redaktoru Azər Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sakitə Ülvi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu da ölkəmizdə mətbuata və jurnalistlərə göstərilən qayğıdan minnətdarlıqla söhbət açıblar .
Sonra www.astarainfo.az internet saytının təqdimatı olub, “Astara” qəzetinin əməkdaşlarına fəxri fərmanlar və xatirə hədiyyələri verilib.