Astaranın Səncərədi kəndində “Zəfər guşəsi” açılıb
Astara, 17 may, Bağır Əliyev, AZƏRTAC
Altı min nəfər əhalinin yaşadığı və altı kəndi əhatə edən Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Birinci Qarabağ müharibəsində 5, İkinci Qarabağ müharibəsində isə 12 şəhid verib.
Səncərədi kəndinin ziyalılarının, fəal gənclərin və iş adamlarının təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində “Zəfər guşəsi” inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 17-də “Zəfər guşəsi”nin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, kəndin ziyalıları, ağsaqqallar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları abidə-kompleksin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.
Mərasimdə Kənd Ağsaqqallar Şurasının sədri Əkrəm Həsənov, kənd sakini Ramiz Hacıyev, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova çıxış edərək siyasi iradəsi, cəsarəti ilə düşməni sarsıdan, erməni işğalına son qoyaraq doğma Azərbaycanın xəritəsini bütövləşdirən Prezident İlham Əliyevə xalqımıza Qələbə sevincini yaşatdığına görə sonsuz minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, Astara şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Şəhidlər” xatirə kompleksi və Qələbəmizin şərəfinə salınan “Zəfər parkı” rayon sakinlərinin əbədi and yeri olacaq.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məhv edərək müqəddəs torpaqlarımızdan təmizləyən, Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, şəhid məzarlarının, onların xatirəsinə ucaldılan hər bir abidənin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini diqqətə çatdırıblar.