ELM VƏ TƏHSİL
Astronomiya günü qeyd edilmişdir
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə astronomiya gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, planetariumun direktoru Famil Mustafa bütün dünyada qeyd olunan Astronomiya günü barədə danışmışdır. Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov astronomiyanın tarixindən və gələcəyindən bəhs etmişdir. ŞAR-ın elmi katibi Vaqif Xəlilov və aparıcı elmi işçi Ədalət Ətayi tədbir iştirakçılarına məlumat vermişlər ki, Astronomiya günü hər il aprelin ikinci yarısı ilə may ayının birinci yarısı arasındakı şənbə günündə qeyd olunur. Maraqlıdır ki, məhz həmin şənbə günü ayın dörddən bir hissəsi görünür. Bu günü qeyd edən dünya astronomları həm də insanların diqqətini məşğul olduqları elm sahəsinə yönəldirlər.
Yaxın iki il ərzində hazırlıqları bitirib, kosmosa uçacağını bildirən iş adamı, Tusi - Bohm Planetariumun qurucusu Tahir Gözəl Astronomiya günündən danışmaqla yanaşı, salonda əyləşən şagirdlərin arasından da kosmonavt çıxacağına ümid etdiyini vurğulamışdır.
Sonda “Kəşf edilməyən dünyalar” filmi nümayiş etdirilmişdir.