ASUDƏ VAXTLARDA
İndi hər kəs poçt idarəsində özünün, ya da qohumlarından və yaxınlarından birinin, hətta sevimli it və ya pişiyinin şəkli əks olunmuş marka sifariş verə bilər. Əsl ailə qalereyası düzəltmək və ömür boyu baş vermiş ən mühüm hadisələri markalarda əbədi həkk etdirmək mümkündür. Hər belə markanın qiyməti 1 dollardır. Müqayisə üçün deyək ki, adi markanı 48 sentə almaq olar.
X X X
NYU-YORK. Amerika torpağına ilk insanlar 18 min il əvvəl Sibirdən keçmişlər. Beynəlxalq alimlər qrupu Sibir xalqları və Amerika hindiləri nümayəndələrinin DNT analizini müqayisə etdikdən sonra belə qənaətə gəlmişlər.
Bu fərziyyə insanın Amerika materikində 30 min il əvvəl məskunlaşdığı barədə mövcud fikirləri təkzib edir. Bununla, ABŞ etnoqrafı Merrit Rulenin linqvistik tədqiqatlarının nəticələri də təsdiq olunur. O, Şimali Amerikada və Yenisey Avrasiyasındakı dil ailələri arasında birbaşa əlaqə olduğunu aşkara çıxarmışdır.
X X X
PARİS. Bezye şəhərinin hakimiyyət orqanları artıq 45 gündür şəhər kilsəsinin damından düşməyən 58 yaşlı müəllimin tələblərini yerinə yetirmək qərarına gəlmişlər. İyunun 13-dən damda oturan Andre Marna, özünün dediyinə görə, pensiyasının düzgün hesablanmamasına etirazını bildirir.
Dövlət hakimiyyəti işləri nazirinin texniki müşavirinin, Bezye şəhəri subprefektinin, təhsil müəssisələri müfəttişinin və iki deputatın iştirakı ilə keçirilən uzun müşavirədən sonra “qiyamçı” müəllimin tələbini yerinə yetirmək qərara alınmışdır.