MƏDƏNİYYƏT
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu bərpa olunur
Bakı, 18 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, artıq bir neçə gündür ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpa işlərinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, bərpa zamanı məbədin hücrələrində ən müasir havalandırma sistemi qurulacaqdır. Bundan əlavə, turistlərin rahatlığı üçün burada kafe və mağazalar fəaliyyət göstərəcəkdir. “Atəşgah məbədi”nin ətraf ərazisi abadlaşdırılacaq və genişləndiriləcəkdir.
Həyata keçiriləcək yeniliklərdən biri də qoruq ərazisində Azərbaycanda ilk “Atəşgah” muzeyinin yaradılması ilə bağlıdır. Konservasiya və bərpa yekunlaşdıqdan sonra qoruğun fəaliyyəti müasirləşdiriləcək və elektronlaşdırılacaqdır.
Bərpa işlərindən əvvəl qoruq ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən kəşfiyyat xarakterli arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə bir çox maraqlı faktlar üzə çıxmışdır. Arxeoloqlar “Atəşgah”ın qərb tərəfində yerləşən hücrələrin birindəki məbəd binasını təyin edə bilmişlər. Araşdırmalar zamanı “Atəşgah” ətrafında da qədim abidələrin olduğu məlum olmuşdur.
İstər arxeoloji qazıntı işləri, istərsə də bərpa prosesi qoruğun iş qrafikinə təsir etməmişdir. Qoruq ziyarət üçün açıqdır. Gün ərzində onlarla turist əsrlərdən bizə yadigar qalan, sirli-sehrli bu aləmlə yaxından tanış olmaq üçün buraya üz tutur.
“Atəşgah məbədi” UNESCO-nun dünya irsi siyahısına daxildir.