SİYASƏT
ATƏT Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir
Bakı, 14 iyun (AZƏRTAC). ATƏT Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımları, xüsusən də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eamon Gilmor iyunun 14-də Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşdə söyləmişdir.
Bahar Muradova qonaqları salamlayaraq bildirmişdir ki, rəsmi Bakı bu təşkilatla həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin inkişafına çox böyük diqqət yetirir. Düşünürük ki, bu əlaqələr ikitərəfli və çoxtərəfli münasibətlərin formalaşmasına öz təsirini göstərir.
Milli Məclis sədrinin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan ATƏT-ə üzv olduqdan sonra vətəndaş cəmiyyətinin formalaşdırılması, şəffaf seçkilərin keçirilməsi, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə etmişdir. İstər ölkəmizdə, istərsə də bölgədə təhlükəsizliyin daha da gücləndirilməsində bizə maneçilik törədən bir sıra səbəblər vardır və bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasıdır. Rəsmi Bakı ATƏT-in sammitlərində, həm də Parlament Assambleyası çərçivəsində qəbul olunan qərarları bu problemin həllinə yönəlmiş səylər kimi qəbul edir və hesab edirik ki, bu qərarlar sona qədər icra olunmadığından ATƏT üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirməmişdir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun bəyan etdiyi prinsiplər, prezidentlərin imzaladıqları sənədlər, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və məsələnin bunların əsasında həll olunması tələbi bizi qane edir, amma konkret nəticənin əldə olunmaması heç bir tərəfi qane etmir. Azərbaycanın BMT TŞ-nin sədri kimi fəaliyyət göstərdiyi dövrü və beynəlxalq təşkilatlarda mövcud olan imkanları nəzərə alsaq, deyə bilərik ki, bu məsələnin həlli yolları vardır. Əsas isə odur ki, ortaya siyasi iradə qoyulsun. Biz ATƏT-in yeni sədri kimi sizin fəaliyyətə başladığınız andan nümayiş etdirdiyiniz mövqeyi dəstəkləyirik. Ümid edirik ki, bölgəyə səfəriniz, verdiyiniz bəyanatlar sonrakı fəaliyyətinizdə özünü göstərəcəkdir.
Görüş üçün təşəkkürünü bildirən Eamon Gilmor Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin inkişafını, insan hüquq və azadlıqları sahəsində atılan addımları yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanda fikir azadlığı, plüralizm vardır.
ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasından, xüsusən də son dövrlər baş verən hadisələrdən ciddi narahatlıq keçirdiyini diqqətə çatdırmışdır.
Qonaq qeyd etmişdir ki, İrlandiya da münaqişələrdən əziyyət çəkmişdir. Yaxşı başa düşürük ki, bu cür problemlər tezliklə həllini tapmalıdır. ATƏT bu münaqişənin həlli ilə bağlı bir sıra tədbirlər nəzərdə tutmuşdur.
Sonra görüşdə “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanması, qarşıdan gələn seçkilərə hazırlıq, ATƏT-in müvafiq institutları ilə əməkdaşlıq, qanun yaradıcılığında birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.