DÜNYA
ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter: Krımda keçiriləcək referendum qeyri-qanunidir
Vyana, 12 mart (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter martın 16-da Krımda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, referendumun bu formada keçirilməsi Ukrayna konstitusiyasına ziddir və qeyri-qanuni qiymətləndirilməlidir.
Bəyanatda bildirilir ki, Krımın muxtariyyəti və ya suverenliyi ilə bağlı keçirilən hər hansı bir referendumun legitim olması üçün onun Ukrayna konstitusiyasına əsaslanması və beynəlxalq hüququn prinsipləri ilə uyğunluq təşkil etməlidir. O, bununla əlaqədar bütün tərəfləri konstitusiyaya zidd fəaliyyətdən çəkinməyə çağırmışdır.
ATƏT sədri həmçinin qeyd etmişdir ki, konstitusiya ilə ziddiyyət təşkil etdiyinə görə, Krımda keçiriləcək referendumun ATƏT missiyası tərəfindən müşahidə edilməsi istisna olunur. Bundan başqa isə missiyanın səsvermə prosesini izləməsi yalnız üzv dövlətin müraciəti əsasında baş tuta bilər.
D. Bukrhalterin sözlərinə görə, beynəlxalq təcrübə göstərmişdir ki, konstitusiya dəyişikliyi və regional muxtariyyətlə bağlı müzakirələr mürəkkəb və vaxt tələb edən prosesdir və bunun üçün aylarla və ya hətta illərlə vaxt lazımdır. Siyasi və hüquqi dəyişikliklər etməklə əlaqədar uyğunlaşdırılma milli, regional və lokal çərçivədə müfəssəl və strukturlu dialoq şəraitində müzakirə edilməlidir.
ATƏT sədri bəyanatın sonunda bütün üzv dövlətləri tez bir zamanda qərar qəbul etməyə və ardınca Ukraynaya ATƏT-in monitorinq missiyasının göndərilməsinə çağırmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana