SİYASƏT
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ BİRGƏ BƏYANATLA ÇIXIŞ ETMİŞLƏR
Praqa, 7 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 7-də Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri mətbuat konfransı keçirmişlər. Həmsədrlər əvvəlcə bəyanatla çıxış etmişlər.
MƏTYU BRAYZƏ: Hər vaxtınız xeyir olsun, dostlar. Buraya gəldiyinizə görə təşəkkür edirəm. Mən sizi həmkarlarım adından ABŞ-ın Praqadakı səfirliyinin iqamətgahında salamlayıram. Məmnunluqla deyə bilərəm ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan arasında danışıqlar konstrukiv oldu. Düşünürəm ki, onlar əsas prinsiplər çərçivəsində fərqləri azalda biliblər. Ümumilikdə isə, onlar burada müzakirə etdikləri əsas ideyalara dair razılığa gələ biliblər. Ümumiləşdirməyə çalışdığımız əsas prinsiplərə dair xüsusi ideya və elementlərimiz oldu. Həmin ideyalar əsasında prezidentlər ümumi yanaşmaya dair də razılığa gəliblər. Beləliklə, hər iki prezident tərəfindən tapşırıldığı kimi, indi xarici işlər nazirləri ilə birgə fəal çalışmaqla detallar üzərində işləmək və bu gün yenidən müzakirə olunan müddəaları tamamlamaq biz həmsədrlərin üzərinə düşür. Bu, müsbət əlamətdir. Əsas prinsiplər çərçivəsində qalan digər müddəlara dair detalları tamamlamaq üçün biz yaxın günlərdə və həftələrdə yenidən xarici işlər nazirləri ilə birgə işləməyi planlaşdırırıq. Bu qədər. Əlavə şərhlər üçün sözü həmkarlarıma verirəm. Çox sağ olun.
YURİ MERZLYAKOV: Çox sağ olun. Mən belə düşünürəm ki, cənab Brayzənin dediklərinə praktiki olaraq nəsə əlavə etməyə lüzum yoxdur. Bir fikri əlavə edirəm ki, növbəti görüşün iyunun əvvəlində Sankt-Peterburqda keçiriləcəyinə dair prinsipial razılaşma əldə olunub. Biz çalışacağıq ki, o vaxta qədər bu görüşü təşkil edək. O vaxta qədər isə həmkarım cənab Brayzənin dediyi kimi, xarici işlər nazirləri ilə bizim görüşlərimiz keçiriləcək və Sankt-Peterburqdakı görüşə hazırlıq məqsədi ilə yəqin ki, həmsədrlərin regiona səfəri olacaqdır. Sağ olun.
BERNAR FASYE: Amerikadan və Rusiyadan olan həmkarlarımın dediyi kimi, yaxın günlər və həftələr ərzində bizi böyük işlər gözləyir. Rusiyalı həmkarımın da dediyi kimi, bu gün biz hər iki dövlət başçısından eşitdiklərimiz əsasında iyunun əvvəllərində prezidentlərin Sankt-Peterburqda növbəti görüşünün keçirilməsinə dair iki ölkə rəhbərinə niyyətimizi açıqladıq. Üzümüzə gələn həftələr və aylar ərzində bir sıra irəliləyişləri təsdiq etmək üçün bizim bəzi gözləntilərimiz vardır. Bildiyiniz kimi, biz münaqişənin həllində əsaslı irəliləyişə hazırlaşırıq. Biz əsaslı irəliləyişin nədən ibarət ola biləcəyini müəyyən etmək mövqeyindəyik. Lakin biz hələlik bu nöqtəyə gəlib çatmamışıq. Beləliklə, bizə irəliləmək lazımdır və növbəti həftələrdə ona nail olmaq ümidindəyik. Sağ olun.
Sonra həmsədrlər jurnalistlərin suallarını cavablandırdılar.