SİYASƏT
ATƏT PA-NIN QIŞ SESSİYASI FEVRALIN 19-20-DƏ VYANADA KEÇİRİLƏCƏKDİR
Vyana, 11 fevral (AZƏRTAC). Fevralın 19-20-də ATƏT-in Vyanada yerləşən Baş Katibliyində ATƏT Parlament Assambleyasının (ATƏT PA) növbəti qış sessiyası keçiriləcəkdir. ATƏT-in üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi sessiyanın işində iştirak edəcəkdir. Sessiyada ölkəmizi Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə deputat qrupu təmsil edəcəkdir.
Parlament Assambleyasının üç Baş komitənin (Siyasi məsələlər və təhlükəsizlik; iqtisadiyyat, elm, texnologiya və ekologiya; və demokratiya, insan haqları və humanitar məsələlər) iclaslarında sessiyanın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan nümayəndə heyəti Azərbaycanla bağlı aktual məsələlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda vəziyyət, enerji təhlükəsizliyi mövzuları ilə bağlı öz mövqeyini bildirəcəkdir.
Hər üç komitənin birgə iclasında isə „Yeni Avropa təhlükəsizlik quruculuğu“ mövzusuna həsr edilmiş xüsusi müzakirələr aparılacaqdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana