İDMAN
Atıcılıq üzrə Qəbələ beynəlxalq “Qran-pri” yarışlarında idmançımız bürünc medal qazanıb
Qəbələ, 18 avqust (AZƏRTAC). “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə beynəlxalq “Qran-pri” yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil edilən turnirin növbəti yarış günündə kişilər və gənc oğlanlar mübarizə aparıb. Turnirdə Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan təmsilçiləri mübarizə aparıblar.
Kişilər arasında dairəvi səngər stend üzrə keçirilən yarışda Böyük Britaniya idmançısı Rory Varlov qızıl, Qətər təmsilçisi Rəşid Hamad gümüş, Qazaxıstan atıcısı Aleksandr Yeşenko bürünc medal qazanıb.
Gənc oğlanlar arasında dairəvi stend üzrə keçirilən yarışda isə Qazaxıstan təmsilçisi Aleksandr Muxmediyev birinci, Qətər idmançısı Məhəmməd Al-Kuvari ikinci, Azərbaycan atıcısı Niyaz Ağazadə üçüncü yeri tutublar.
Xatırladaq ki, ümumi mükafat fondu 81 min ABŞ dolları olan yarışlarda 150-yə yaxın idmançı dairəvi və səngər stend Olimpiya atıcılıq növləri üzrə mübarizə aparır.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən beşinci beynəlxalq turnirdir.
Turnir avqustun 21-dək davam edəcək.