ELM VƏ TƏHSİL
ATMU-da “Açıq qapı” günü keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU bakalavriat və magistratura (əyani) səviyyələrində 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.
Bu barədə universitetdən AZƏRTAC-a bildirilib.
Universitetdə keçirilən “Açıq qapı” günündə qış imtahan sessiyasının gedişatını izləyən rektor İlham Mədətov şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək məqsədilə İmtahan Qərargahına ünvanlanan hər bir şikayətin vaxtında cavablandırılacağına, qarşıya çıxan nöqsanların isə aradan qaldırılacağına əminliyini bildirib. İmtahan nəticələrindən narazı qalan tələbələrdən ötrü Apellyasiya Komissiyasının yaradıldığını və “Qaynar xətt”in gün ərzində açıq olduğunu deyib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası dekabrın 28-də başlayaraq 5 həftə müddətində keçirilir.
Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə fevralın 3-14-də olacaq. ATMU-da 3 fakültə üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan ümumi 2020 tələbə qış imtahan sessiyasına qatılıb. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunub. Üzrlü səbəblərdən sessiya imtahanında iştirak etməyən tələbələr isə fevralın 5-12-də imtahan verə biləcəklər.