ELM VƏ TƏHSİL
ATMU-nun tələbələri dünyanın nüfuzlu universitetlərində təhsil alacaqlar
Bakı, 8 sentyabr, AZƏRTAC
2016/2017-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrindən 10 nəfər ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramları çərçivəsində dünyanın müxtəlif ali təhsil ocaqlarında bir semestr təhsil almaq imkanı qazanıb.
ATMU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son iki ildə “Mövlanə” mübadilə proqramı çərçivəsində yeni tədris ilinin birinci semestrində universitetin iki tələbəsi Türkiyənin Akdeniz və Sakarya universitetlərində turizm və sosial iş ixtisasları üzrə təhsil alacaq. Digər tələbələr isə “Erasmus+ KA1” proqramı çərçivəsində Finlandiyanın Kajaani Universitetində turizm, Türkiyənin Orta Doğu Texniki Universitetində tərcümə, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində turizm və menecment ixtisasları üzrə bir semestr müddətində təhsillərini davam etdirəcəklər. ATMU ilə Türkiyənin Kastamonu Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən turizm ixtisasının altı tələbəsi isə adıçəkilən təhsil müəssisəsində oxuyacaq.
ATMU ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007–ci ildə bağlanan əməkdaşlıq proqramına uyğun olaraq tələbə seçimində fərqlənənlər Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində üç il təhsil ala biləcəklər. Bu bir faktdır ki, indiyədək ATMU-nun məzunlarından 154 nəfər müvafiq proqramı uğurla başa vuraraq iki diploma sahiblənib. Universitet olaraq fəaliyyətinin 11-ci ilində ATMU Fransada və Böyük Britaniyada fəaliyyət göstərən bir neçə universitetlə əməkdaşlığa dair anlaşmanın imzalanması prosesi ərəfəsindədir. Bu günlərdə universitetin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Mərakeş Krallığı, Misir və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərində ATMU-nun tələbələrinin 22 həftəlik istehsalat təcrübəsinin təşkili istiqamətində məqsədyönlü danışıqlar aparır.