ATU-da "Açıq qapı” günü keçirilib
Gəncə, 3 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov dəyirmi masa ətrafında imtahan prosesi, nəticələrin yoxlanması barədə məlumat veriblər. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, təklif, irad və şikayətlərin daha çevik formada QR kod ilə göndərilməsi imkanı yaradılıb.
Sonra İmtahan Komissiyasının sədri, Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə real vaxt rejimində imtahan prosesini təqdim edib. İmtahanları canlı izləyən valideynlərə bildirilib ki, imtahanlar test və yazılı qaydada qrafik üzrə keçirilir, tələbəyə yazılı imtahanlarda 3 saat, test imtahanında isə 1 saat vaxt verilir. Nəticələr xüsusi kodlaşdırma otağında yoxlanılır, Apelyasiya Komissiyasına daxil olan müraciətlərə yerində baxılaraq obyektiv qərar verilir.
Valideynlər mənfi halların qarşısının alınmasına dair zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyası iyulun 11-dək davam edəcək.