ATU-da Məzun günü
Gəncə, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr, eləcə də magistr məzunları Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası sədaları altında təntənəli şəkildə meydana toplandıqdan sonra Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov bu günün ATU ailəsi üçün əlamətdar olduğunu və məzunların məhz “Heydər Əliyev İli”nin məzunları olmasından xüsusi qürur hissi keçirdiklərini söyləyib. O, məzunların bundan sonra da layiqli vətəndaş olacaqlarına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əmin olduğunu bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri İbrahim Qədirov və valideynlər çıxış edərək məzunları təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və müvəffəqiyyətlər arzulayıblar.
Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Tədbirin fəxri qonaqları olan qazi məzunlar hədiyyələrlə təltif ediliblər.
ATU ilə əməkdaşlığı olan “AzGranata” şirə və şərab emalı zavodu, “Kapital Bank”ın Gəncə filialı, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “Tech Space” kimi müəssisə və təşkilatlar tərəfindən bir qrup məzunlara hədiyyələr verilib.
Məzun günü konsert proqramı ilə davam edib.