Auditoriyada keçən ömür
Bakı, 24 avqust AZƏRTAC
Professor Təhminə Rüstəmova Azərbaycan şərqşünaslıq və filologiya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və pedaqoqdur. Ömrünün 60 ildən artıq bir dövrünü təhsilə həsr edən Təhminə xanım zəngin elmi irsi, çoxsaylı tələbələri və müəllimlik fəaliyyəti ilə yaddaşlarda silinməz iz qoyub. Avqustun 24-də görkəmli alimin anadan olmasının 100 ili tamam olur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Leyla Bayramova söyləyib.
Müsahibimiz qeyd edib ki, Təhminə Rüstəmova Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İran filologiyası kafedrasında 28 yaşından etibarən pedaqoji fəaliyyətə başlayıb. O, universitetdə yalnız müəllim kimi deyil, həm də ictimai və elmi-metodiki fəaliyyətlə məşğul olub. Alimin 160-dan çox elmi məqaləsi müxtəlif elmi jurnallarda çap olunub. Əsasən fars dilçiliyinə həsr olunan araşdırmalarında ərəb və Azərbaycan dilçiliyinin ayrı-ayrı məsələlərinə toxunub. Təhminə Rüstəmova orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir.
Onun zəngin elmi-pedaqoji irsində “Əfqan əlifbası”, “Əski Azərbaycan əlifbası”, “Fars dili. Fars dilini müstəqil öyrənənlər üçün dərslik”, “Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası”, “Fars dili. Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik”, “Fars dili (qısa kurs)” kimi fundamental və tədris əhəmiyyətli əsərlər xüsusi yer tutur. “Şahnamə”nin dili, fars dilinin lüğət tərkibinin zənginləşməsində feil köklərinin rolu və digər dilçilik məsələləri ilə bağlı tədqiqatları da alimin elmi yaradıcılığının mühüm istiqamətlərindəndir.
Leyla Bayramova professor Təhminə Rüstəmovanı tələbələri üçün səbirli, təmkinli, nəzakətli, qayğıkeş və yüksək ziyalı keyfiyyətlərinə malik müəllim kimi xatırlayır. Onun sözlərinə görə, Təhminə xanım tələbələrinin yazılarını nöqtə-vergülünə qədər diqqətlə oxuyar, buraxdıqları səhvləri bir-bir göstərərdi. İlk vaxtlar tələbələr üçün bu tələbkarlıq bəzən xoşagəlməz görünsə də, illər keçdikcə həmin düzəlişlərin onların daha mükəmməl və hərtərəfli mütəxəssis kimi yetişməsinə xidmət etdiyi aydın olub.
Professor Təhminə Rüstəmovanın uzunmüddətli elmi-pedaqoji fəaliyyəti dövlət və universitet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub, 2014-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Alimin 80 illik yubileyi Bakı Dövlət Universitetində xüsusi qeyd edilib.
Təhminə Rüstəmovanın həyat yolu Azərbaycan pedaqogika və filologiya elmlərinin tanınmış nümayəndələrindən professor Əziz Əfəndizadənin ömür yolu ilə də sıx bağlı olub. O, professor Əziz Əfəndizadənin həyat yoldaşı, Şəkinin tanınmış Əfəndizadələr nəslinin nümayəndəsi idi. Əziz Əfəndizadə Azərbaycan pedaqoji və filoloji elmində mühüm iz qoymuş, 300-ə yaxın elmi əsərin və 60-dan çox kitabın müəllifi kimi tanınmışdı. Təhminə Rüstəmova Rəhim Sultanov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi, Yusif Ziya Şirvani kimi görkəmli şərqşünaslarla çiyin-çiyinə çalışaraq Azərbaycan şərqşünaslıq elminin inkişafına öz töhfəsini verib.
Onun ömrü auditoriyada, elmin və təhsilin xidmətində keçib. Zəhmətkeşliyi, qayğıkeşliyi, nəcibliyi, təmənnasızlığı və tələbələrinə qarşı yüksək tələbkarlığı Təhminə Rüstəmovanı əsl müəllimlik nümunəsinə çevirib. Professor Təhminə Rüstəmovanın pedaqoji irsi, elmi əsərləri və yetişdirdiyi tələbələr onun adını Azərbaycan şərqşünaslıq və filologiya tarixində yaşatmaqda davam edir.