İQTİSADİYYAT
“Aura” nəqliyyat-yedək gəmisi noyabrın sonuna qədər istismara qayıdacaq
Bakı, 24 noyabr, AZƏRTAC
“Aura” nəqliyyat-yedək gəmisi noyabrın sonuna qədər istismara qayıdacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Aura” nəqliyyat-yedək gəmisinin “Bibiheybət” GTZ-da əsaslı təmiri sona çatıb. 3 ay əvvəl təmirə dayanan gəmidə xeyli iş görülüb. O, doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, zəruri gövdə-qaynaq işləri aparılıb.
Gəmi təmirçiləri “Aura”nın baş və köməkçi mühərriklərində, əsas və yardımçı sükan qurğularında, boru sistemlərində lazımi yoxlama və təmir işləri görüblər. Gəminin elektrik avadanlıqları və avtomatikası tənzimlənərək istismara hazır vəziyyətə gətirilib, xidməti və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.
“Aura”nın sınaqları artıq yekunlaşıb. Müvafiq sənədləşmə işlərindən sonra gəmi noyabrın sonuna qədər istismara qayıdacaq.